
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd edilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında 8 Noyabr - Zəfər Gününə həsr edilmiş "Zəfər tarixi" adlı tədbir təşkil olunub. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin oxunması, həmçinin Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən Konfederasiya sədrinin müavini Musa Mirzəyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən tarixi Qələbədən və ordumuzun müharibə dövründə göstərdiyi şücaətdən bəhs edib. Qeyd olunub ki, bu Zəfər xalqın sarsılmaz birliyini nümayiş etdirməklə bərabər, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir. Həmçinin işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa işləri həmin Qələbənin real nəticəsi kimi qiymətləndirilib.
Akademiyanın rektor vəzifəsini icra edən Fərid Babayev də çıxışında bu Zəfərin milli iradənin, ədalətin və Vətən sevgisinin təntənəsi olduğunu vurğulayıb. Proqram Akademiyanın tələbələrinin hazırladığı "Hədəfdə Zəfər" adlı bədii kompozisiya ilə davam edib.
Tədbirlər çərçivəsində təşkilatın və ona tabe olan qurumların əməkdaşları 44 günlük Vətən müharibəsindəki tarixi qələbəyə həsr olunmuş "44" bədii filmini de izləyiblər.




