
Gəncədə Qeyri-Hökumət Təşkilatlarının IV Əməkdaşlıq Forumu təşkil olunub
Gəncə şəhərində "Şəhərsalma və Memarlıq ili" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarının IV Əməkdaşlıq Forumu keçirilib. Tədbirdə 400-dən çox vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.
AzadAzərbaycan xəbər verir ki, Gəncə şəhərində "Şəhərsalma və Memarlıq ili" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarının (QHT) IV Əməkdaşlıq Forumu baş tutub. 400-dən artıq vətəndaş cəmiyyəti təmsilçisinin qatıldığı forumda QHT sektorunun inkişaf istiqamətləri, dövlət və vətəndaş cəmiyyəti arasındakı əməkdaşlıq, eləcə də yeni sosial təşəbbüslər diqqət mərkəzində olub.
Forum iştirakçıları Nizami Gəncəvinin məqbərəsini və Gəncə Memorial Kompleksini ziyaret ediblər. Həmçinin "Futbolun İnkişaf Fondu"nun təşəbbüsü ilə mina qurbanlarının iştirak etdiyi amputant futbol üzrə yoldaşlıq oyunu keçirilib və foruma gələnlər idmançılara mənəvi dəstək göstəriblər.
Tədbirin açılışında çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva forumun mühüm problemlərin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu vurğulayıb. O, dezinformasiya və rəqəmsal təhdidlərə karşı mübarizənin vətəndaş cəmiyyətinin əsas vəzifələrindən birinə çevrildiyini diqqətə çatdırıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə həyata keçirilən bərpa və quruculuq işlərindən danışaraq QHT-lərin ictimai rola malik olduğunu bildirib. Prezident Administrasiyasının məsul əməkdaşı Tural Əliyev isə təşkilatların sosial mediada fəallığının və qanunvericilikdə ixtisaslaşma ilə bağlı yeniliklərin vacibliyini qeyd edib.
Milli Məclisin deputatı Rizvan Nəbiyev QHT-lərin ictimai diplomatiyadakı uğurlarını yüksək qiymətləndirib, Qazi və Veteranlar İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə isə Zəfərin qorunmasında həmrəyliyin vacibliyini vurğulayıb. Tədbirin yekununda Prezident İlham Əliyevə müraciət qəbul olunub və forum mədəni proqramla yekunlaşıb.




