
Azərbaycan Ordusunun hərbi pilotları təlim uçuşları həyata keçiriblər
Azərbaycan Ordusunun hərbi pilotları təlim planına əsasən hava kəşfiyyatının aparılması və müxtəlif döyüş tapşırıqlarını icra ediblər.
Azərbaycan Ordusunda keçirilən təlimlər çərçivəsində hərbi pilotlar hava kəşfiyyatının aparılması ilə bağlı tapşırıqları uğurla yerinə yetiriblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir çərçivəsində əvvəlcə şəxsi heyətin təhlükəsizlik qaydaları və uçuş şərtlərinə dair nəzəri biliyi yoxlanılıb.
Uçuş heyətlərinin tibbi müayinəsindən sonra pilotlar Su-25 ML və L-39 hücum təyyarələrinə baxış keçirərək onları döyüş tapşırığına hazır vəziyyətə gətiriblər. Daha sonra hərbi aviasiya vasitələri havaya qaldırılaraq praktiki mərhələyə başlanılıb.
Təlim zamanı pilotlar havaya qalxma, yerə enmə, müxtəlif yüksəkliklərdə pilotaj manevrləri icra ediblər. Eyni zamanda, şərti düşmənin yerüstü hədəflərinin dəqiq koordinatlarının müəyyənləşdirilməsi və hava kəşfiyyatının aparılması tapşırıqları yüksək peşəkarlıqla icra olunub.
AzadAzərbaycan xəbər verir ki, təlim uçuşlarının təşkil edilməsində əsas məqsəd şəxsi heyətin praktiki döyüş vərdişlərini inkişaf etdirmək və hava məkanında yarana biləcək yeni təhdidlərə qarşı uçuş bacarıqlarını daha da təkmilləşdirməkdən ibarətdir.




