
Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri açılıb
Azərbaycan Dəmir Yolları Zəfər Günü və Dövlət Bayrağı Günü bayramları ilə əlaqədar Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edib.
Azərbaycan Dəmir Yolları QSC bayram günlərində artan sərnişin tələbatını qarşılamaq məqsədi ilə yeni qərarlar qəbul edib. Qurumdan verilən məlumata görə, Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq noyabrın 7-dən 10-dək Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.
Bildirilib ki, bu tarixlərdə qatarlar paytaxtdan Ağstafaya səhər saat 09:20-də yola düşəcək. Əks istiqamətdə isə qatarın hərəkət cədvəli saat 17:15-ə müəyyənləşdirilib.
Eyni zamanda, həmin günlərdə Bakı–Qazax–Bakı marşrutu üzrə də ənənəvi qrafikə uyğun olaraq gündəlik səfərlər həyata keçirilməyə davam edəcək. Sərnişinlər biletləri qurumun rəsmi internet səhifəsi, mobil tətbiqi və ya dəmiryolu vağzallarının kassalarından əldə edə bilərlər.




