
Dünyanın ilk onurğa beyni köçürülməsi əməliyyatı Moskvada həyata keçirilib
Əvvəllər insan başı transplantasiyası planları ilə tanınan çinli cərrah Jen Siaopin Rusiyada onurğa beyni köçürülməsi əməliyyatında iştirak edib.
Dünyada ilk uğurlu insan başı transplantasiyasını həyata keçirəcəyini vəd edən çinli alim Jen Siaopin Rusiyada peyda olub. Mənbələrin məlumatına görə, o, Moskvadakı Sklifosovski Elmi-Tədqiqat Təcili Tibb İnstitutunda fəaliyyət göstərir.
Oktyabrın 14-15-də cərrah iflic olmuş xəstənin onurğa beynində toxumaların birləşməsi üçün yenilikçi texnika tətbiq etməklə mürəkkəb əməliyyat keçirib. 12 saat davam edən proses zamanı həkimlər üç il əvvəl aldığı zədə nəticəsində kəsilmiş onurğa beyninin bir hissəsini çıxarıb və onu donor fraqmentlə əvəz ediblər.
Əməliyyat hüceyrə membranlarının birləşməsinə kömək edən polietilen qlikol maddəsindən istifadə edilməklə mikrocərrahi üsulla icra olunub. Mütəxəssislər bunu dünyanın ilk onurğa beyni transplantasiyası adlandırırlar və xəstənin vəziyyətinin sabit olduğu bildirilir.
Məlumata əsasən, Jen Syaopin Moskvada aktiv olaraq ətrafların transplantasiyası ilə də məşğul olur. Xatırladaq ki, çinli alim əvvəllər italyan neyrocərrahı Sergio Kanavera ilə birlikdə qalmaqallı insan başının transplantasiyası layihəsi üzərində çalışmışdı.




