
Ermənistana səfər edən azərbaycanlı bloger İrəvandakı təəssüratlarını bölüşdü
Rusiyada yaşayan azərbaycanlı bloger Turab Zeynalov Ermənistana etdiyi səfərdən və İrəvanda yaşadığı təcrübələrdən danışıb.
AzadAzərbaycan xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı bloger Turab Zeynalov bu ilin sentyabr ayında Ermənistanda səfərdə olub. O, İrəvanda təhlükəsizliyinə heç kimin zəmanət vermədiyini və böyük riskə gedərək bu addımı atdığını bildirib.
Moskvadan erməni dostları ilə birlikdə İrəvana uçan həmyerlimiz "Zvartnots" hava limanında üç saat ərzində sorğu-sual edilib. Yaxın rəfiqəsinin toy mərasimində iştirak etmək üçün Ermənistana gəldiyini deyən Zeynalov orada 10 gün qaldığını vurğulayıb. Sərhəddə pasportundakı soyadına görə diqqət çəkən bloger azərbaycanlı olduğunu dedikdən sonra xüsusi otaqda anket doldurub, lakin sonradan ölkəyə buraxılıb.
Bloger qeyd edib ki, İrəvanda olduğu müddətdə yerli sakinlər tərəfindən ona qarşı yaxşı münasibət sərgilənib. Valideynlərinin və qohumlarının bu səfərə görə narahat olduğunu deyən Zeynalov, gələcəkdə erməni dostlarını da Bakıya gətirmək istədiyini, lakin təhlükəsizlik baxımından eyni çətinliklərin mövcud olduğunu qeyd edib.
İrəvan şəhərinin memarlığını və küçələrini Bakıya bənzədən həmyerlimiz paytaxtımızın müəyyən ərazilərini xatırlatdığını bildirib. Əslən Ağdamın Kəngərli kəndindən olan və Moskvada doğulub-böyüyən Turab Zeynalov iki ölkə arasında sülhün sadə insanlar arasındakı münasibətlərə müsbət təsir edəcəyinə ümidvar olduğunu ifadə edib.




