
Mərkəzi Nəbatat Bağında Daun sindromlu yeniyetmələr üçün festival keçirilib
Mərkəzi Nəbatat Bağında Daun sindromlu yeniyetmələrin və valideynlərin iştirakı ilə "Təbiətin Dostları Festivalı" adlı sosial layihə təşkil olunub.
AzadAzərbaycan xəbər verir ki, Mərkəzi Nəbatat Bağında 20 Daun sindromlu yeniyetmə və 20 valideynin qatıldığı "Təbiətin Dostları Festivalı" təşkil olunub. "Nurlu Sabah" Gənclərə Qayğı İctimai Birliyi və "Bu gün TV Media Qurumu" tərəfindən Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən layihə inklüzivlik, ekoloji məsuliyyət və təbiət sevgisini aşılamaq məqsədi daşıyıb.
Tədbir çərçivəsində yeniyetmələr quşlar və digər heyvanlar üçün sığınacaq evcikləri hazırlayaraq onları rəngləyib və Mərkəzi Nəbatat Bağında yerləşdiriblər. Bundan əlavə, meditasiya musiqisinin müşayiəti ilə təlimçi Rinat Alimov tərəfindən iştirakçılar üçün bir saatlıq xüsusi yoqa dərsi təşkil edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan festivalda gənclərin rəsm sərgisi, musiqi və rəqs nömrələri də nümayiş olunub. Tədbir zamanı Əməkdar jurnalist Mətanət Ağamirli, sabiq polis inspektoru Kəmalə Ələkbərova, layihə rəhbəri Elnarə Dərziyeva və "Ziraat Bank Azərbaycan" nümayəndəsi Aynur Mirzəyeva çıxış edərək xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayıblar.




