
Sosioloq Ağasəlim Həsənov gəncləri milli-mənəvi dəyərlərə riayət etməyə çağırdı
Sosioloq Ağasəlim Həsənov son illərdə dəyərlər sistemində deqradasiyanın yaşandığını bildirərək gəncləri milli adət-ənənələrə uyğun davranmağa çağırıb.
Azərbaycan cəmiyyətində son onilliklər ərzində milli-mənəvi dəyərlər sistemində müəyyən deqradasiya və aşınma meyllərinin baş verdiyi diqqətə çatdırılır. Baş verən xoşagəlməz halların məhz bu neqativ proseslərin fəsadı olduğu vurğulanır.
Məsələ ilə bağlı fikirlərini bölüşən sosioloq Ağasəlim Həsənov bildirib ki, yad mədəniyyətlərə, özgə bayram və vərdişlərə kor-koranə uyğunlaşaraq uyğunsuz davranışlar sərgiləmək Azərbaycan gəncliyinə xas olan keyfiyyət deyil. Onun sözlərinə görə, digər xalqların müsbət təcrübələrindən bəhrələnmək mümkündür, lakin mənimsənilən nümunələr mənəvi və əxlaqi dəyərlərə xidmət etməlidir.
Mütəxəssis əlavə edib ki, yalnız insani keyfiyyətləri zənginləşdirən dəyərlərin qəbul edilməsi düzgündür. Sosioloq gəncləri milli-mənəvi prinsiplərə zidd olan geyim, davranış və hərəkətlərdən uzaq durmağa çağırıb.




