
Eyni vaxtda bir neçə vitamini qəbul etmək olar: Mütəxəssislərdən vacib xəbərdarlıq
Geniş yayılan vitamin və qida əlavələrinin həkim məsləhəti olmadan qəbulu orqanizmə ciddi zərər vura bilər. Mütəxəssislər xəbərdarlıq edir.
AzadAzərbaycan xəbər verir ki, son dövrlərdə immuniteti möhkəmləndirmək, yorğunluqla mübarizə aparmaq və sağlamlığı qorumaq məqsədilə vitamin və qida əlavələrindən istifadə edənlərin sayı artıb. Lakin mütəxəssislər bildirirlər ki, bu vasitələrin nəzarətsiz və həddindən artıq qəbulu fəsadlara yol aça bilər.
Hər bir insanın orqanizminin tələbatı fərqli olduğuna görə vitamin qəbulundan öncə xüsusi analizlərlə hansı maddələrin əskik olduğunu müəyyən etmək vacibdir. Çünki bir fərd üçün faydalı sayılan vasitə başqasının sağlamlığına mənfi təsir göstərə bilər.
Özəlliklə yağda həll olan A, D, E və K vitaminlərinin qəbulu zamanı ehtiyatlı olmaq tövsiyə edilir. Orqanizm tərəfindən toplanan bu vitaminlər normadan çox qəbul edildikdə ciddi problemlər yarada bilər. Eyni zamanda, birdən çox vitamin preparatını eyni vaxtda qəbul etmək də gündəlik dozanın aşılması riski baxımından təhlükəlidir.
Mütəmadi müalicə alan şəxslər, hamillər və uşaqlar dərmanların qarşılıqlı təsirini nəzərə almalı, vitamin seçimini mütləq həkim nəzarəti altında etməlidirlər.
Mütəxəssislər vurğulayırlar ki, qida əlavələri tam dəyərli qidalanmanı əvəzləmir. İnsan orqanizmi üçün zəruri olan maddələrin meyvə, tərəvəz, süd məhsulları və digər təbii qidalardan alınması daha faydalıdır.




