
Gürcüstanda saxlanılan iki Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Axtarışda olan Azərbaycan vətəndaşları Tahir Ayralov və Miryusif Qədirov Gürcüstandan Azərbaycana ekstradisiya ediliblər.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən göndərilən vəsatətlərə əsasən, Gürcüstanın Ədliyyə Nazirliyi iki Azərbaycan vətəndaşının ölkəmizə təhvil verilməsi barədə qərar qəbul edib. Bu addım 1993-cü il tarixli mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında Konvensiyanın, eləcə də 1957-ci il tarixli ekstradisiya haqqında Avropa Konvensiyasının tələblərinə uyğun olaraq reallaşdırılıb.
AzadAzərbaycan xəbər verir ki, ekstradisiya olunan şəxslərdən biri – Tahir Ayralov Ağstafa Rayon Polis Şöbəsində araşdırılan cinayət işi çərçivəsində təqsirləndirilir. O, qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə qanunsuz olaraq yaşayış və saxlanc yerlərinə daxil olaraq təkrar oğurluq etməkdə şübhəli bilinir.
Digər təqsirləndirilən şəxs Miryusif Qədirov isə Bakı Apellyasiya Məhkəməsinin icraatındakı iş üzrə xüsusilə ağır cinayəti qabaqcadan vəd etmədən gizlətməkdə təqsirləndirilir. Hər iki şəxs istintaqdan gizləndiyi üçün barələrində rəsmi axtarış elan edilmişdi.
Gürcüstan ərazisində nəzarətə alınan T.Ayralov və M.Qədirov Ədliyyə Nazirliyinin aidiyyəti strukturlarının müşayiəti ilə artıq Azərbaycana gətiriliblər.




