
Hərbi ekspert Rusiyanın təklif etdiyi Pantsir-S1 sistemlərindən danışıb
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Rusiyanın Azərbaycana təklif etdiyi Pantsir-S1 zenit-raket komplekslərinin üstünlük və çatışmazlıqlarını dəyərləndirib.
AzadAzərbaycan xəbər verir ki, müasir dövrdə “Pantsir-S1” zenit-raket kompleksləri ilə bağlı müxtəlif fikirlər səsləndirilməkdədir. Bu silahın döyüş meydanındakı imkanları və effektivliyi hərbi mütəxəssislər tərəfindən geniş müzakirə olunur.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, sözügedən komplekslərin güclü tərəfləri ilə yanaşı, ciddi nöqsanları da mövcuddur. Onun sözlərinə görə, “Pantsir-S1” ən yeni texnologiya hesab olunmur, Azərbaycanın isə ən müasir hava hücumundan müasir müdafiə sistemlərinə ehtiyacı var.
Ekspert qeyd edib ki, Ukraynadakı hərbi əməliyyatlar zamanı bu komplekslərin bəzi zəif cəhətləri üzə çıxıb. Xüsusilə PUA-lar və yüksək dəqiqlikli silahlar qarşısında sistemin effektivliyi sual altındadır.
Ü.Cəfərov vurğulayıb ki, sistemin konstruksiyasında plastik materiallardan istifadə olunması kiçik ölçülü dronların aşkarlanmasında çətinliklər yaradır. Həmçinin, bəzi hallarda hədəflərin düzgün müəyyən edilməməsi və kamikadze dronları qarşısında həssaslıq əsas problemlər sırasındadır.
Bununla belə, ekspert hesab edir ki, əgər sistemin mövcud zəiflikləri aradan qaldırılarsa, təklifi gələcəkdə müzakirə etmək olar. Lakin hazırkı şəraitdə “Pantsir-S1” kompleksləri müasir müharibələr üçün ən yüksək effektivliyə malik silah hesab edilmir.




