
Hitlerin Bavariyadakı tarixi sığınacağı olan Qartal Yuvasında yanğın baş verib
Almaniyanın Bavariya əyalətində Adolf Hitlerin dincəldiyi və görüşlər keçirdiyi məşhur 'Qartal Yuvası' kompleksində güclü yanğın baş verib.
AzadAzərbaycan xəbər verir ki, Almaniyanın Bavariya əyalətində Adolf Hitlerin keçmiş Alp dağlarındakı sığınacağı sayılan 'Qartal Yuvası' kompleksində yanğın qeydə alınıb. Hadisə ilə bağlı bir şübhəli şəxs saxlanılıb və onun yanğınla əlaqəsi araşdırılır.
Traunştayn şəhərinin yanğınsöndürmə xidmətinə həyəcan siqnalı cümə günü yerli vaxtla saat 21:15-də daxil olub. Hadisə yerinə yetişən briqadalar binanı alovlar içində aşkar ediblər. Ərazinin mürəkkəb dağlıq relyefdə yerləşməsi yanğının söndürülməsi prosesində ciddi çətinliklər yaradıb.
Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, söndürmə işləri şənbə günü səhər saatlarınadək davam edib. Fövqəladə əməliyyata 200-dən çox xilasedici və yanğınsöndürən cəlb olunub, xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Tikintisi 1938-ci ildə başa çatan bu kompleks Berxtesqaden şəhərinin üst hissəsində yerləşir. Hitler bu məkandan həm istirahət, həm də mühüm siyasi görüşlər üçün istifadə edib. Müharibədən sonra dağıdılmaqdan xilas edilən tarixi bina hazırda tanınmış turist məkanı kimi fəaliyyət göstərir.




