
Politoloq: Hindistan Azərbaycanla münasibətləri yeni reallıqlara uyğunlaşdırır
Politoloq Məhəmməd Əsədullazadə Hindistanın Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdlərini və tərəflər arasındakı əməkdaşlıq perspektivlərini şərh edib.
Azərbaycan və Hindistan arasında münasibətlərdə müşahidə olunan gərginliyin kökündə Dehlinin İrəvana verdiyi hərbi və siyasi dəstək dayanırdı. Hindistan beynəlxalq hüquq baxımından heç bir əsası olmadan Bakıya qarşı qeyri-konstruktiv mövqe tutmuşdu.
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanın beynəlxalq hüququn əsas prinsiplərinə uyğun siyasət yürütməsi qarşısında Hindistan indi regiondakı reallıqları nəzərə almağa məcburdur. Xüsusilə Şimal-Cənub və Orta Dəhliz kimi mühüm nəqliyyat marşrutlarının əhəmiyyətini anlayan Nyu-Dehli Bakı ilə əlaqələri bərpa etməyə çalışır.
Şanxay Əməkdaşlıq Təşkilatının və Qlobal Cənubun aparıcı üzvlərindən olan Hindistanla Azərbaycan arasında regional platformalarda geniş əməkdaşlıq imkanları mövcuddur. İndi əsas məqsəd bu potensialı ikitərəfli əlaqələrə köçürməkdir.
Mütəxəssis qeyd edib ki, tərəflər turizm, rəqəmsallaşma, texnologiya və gələcəkdə hərbi-texniki sahələrdə tərəfdaşlığı inkişaf etdirə bilərlər. Hindistan Xarici İşlər Nazirliyi nümayəndələrinin Azərbaycana gözlənilən səfəri bu münasibətlərin normallaşması istiqamətində mühüm addım olacaq.




