
İmmuniteti gücləndirməyin sadə və təsirli üsulları açıqlandı
İmmunoloq Vladislav Jemçuqov immuniteti möhkəmləndirmək üçün mövsümi meyvələrdən və sadə üsullardan istifadə etməyin yollarını bölüşüb.
AzadAzərbaycan xəbər verir ki, immuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Mütəxəssislərin fikrincə, orqanizmin müdafiə qabiliyyətini artırmağa qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur.
Həkimin sözlərinə görə, ötən qış mövsümündə tez-tez xəstələnən şəxslər ilk növbədə həkimə müraciət etməli və müayinədən keçməlidirlər. Çünki daimi xəstələnmə halları gizli şəkərli diabet kimi əvvəlcədən aşkarlanmamış sağlamlıq problemlərindən qaynaqlana bilər.
Əgər immunitetin zəifləməsinə səbəb olan hər hansı ciddi problem aşkar olunmursa, növbəti mərhələdə orqanizmi möhkəmləndirmək məqsədilə kontrast duşdan istifadə etmək olar. Lakin mütəxəssis əvvəllər bu üsuldan istifadə etməyənlərin soyuq aylarda ona başlamasını məsləhət görmür.
Hazırda immun sistemini dəstəkləməyin ən sadə yollarından biri polivitaminlər qəbul etmək və təbii meyvə-giləmeyvələrə üstünlük verməkdir. Xüsusilə feyxoa meyvəsi bu baxımdan çox faydalıdır və onu şəkərlə qarışdıraraq xüsusi qarışıq hazırlamaq mümkündür.




