
İmran Əliyev və digərlərinin məhkəməsində prokuror cəza istəyib
"Məclis.info" saytının rəhbəri İmran Əliyev və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə "Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.
Tədbirdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün cəza tələb edib. Prokuror İmran Əliyevin 12 il, Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İclas zamanı təqsirləndirilən Tamella Musayevanın səhhətində problemlər yaranıb və nəticədə dövlət ittihamçısı çıxışını tam başa çatdıra bilməyib.
Məhkəmə prosesi davam etdirilməsi üçün 3 noyabra təyin olunub. Xatırladaq ki, İmran Əliyev ötən ilin aprel ayında saxlanılıb, digər şəxslər də sonradan istintaqa cəlb olunublar.




