
"Çıraq Palace" şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı - AQTA fəaliyyəti dayandırdı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "Çıraq Palace" şadlıq sarayında keçirdiyi yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edib və obyektin dondurucu anbarının fəaliyyətini dayandırıb.
Kütləvi informasiya vasitələrində "Çıraq Palace" şadlıq sarayında müştərilərə keyfiyyətsiz və istehlaka yararsız ət təqdim edilməsi ilə bağlı yayılan xəbərlərdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sözügedən mekanda plandankənar təftiş aparılıb.
Baku şəhərinin Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi 20A ünvanında yerləşən və fiziki şəxs Həsən Fuad oğlu Yusifova məxsus olan şadlıq sarayında geniş araşdırma həyata keçirilib.
Aparılan yoxlamalar nəticəsində məclislərdə qonaqlara təqdim olunan ətin həcmi ilə təqdim edilən baytarlıq sənədlərindəki rəqəmlər arasında ciddi uyğunsuzluqlar tapılıb. Ətlərin saxlanma temperaturuna əməl olunmadığı, donunun açılması prosesinin normativlərə zidd aparıldığı və izlənmə sisteminin pozulduğu bəlli olub. Bundan əlavə, təbii qırmızı kürü adı altında müştərilərə süni kürünün təqdim edildiyi, bununla da istehlakçıların aldadıldığı müəyyənləşdirilib.
Aşkar edilmiş bütün qanun pozuntuları ilə bağlı inzibati protokol tərtib olunub. Nöqsanlar tam şəkildə aradan qaldırılanadək şadlıq sarayının dondurucu anbarında xidmətlərin göstərilməsi və işlərin görülməsi məhdudlaşdırılıb.




