
İranda ilk dəfə olaraq xüsusi təyinatlı Can fəda briqadası yaradılıb
İranda SEPAH tərəfindən ölkənin ilk Can fəda briqadası təşkil olunub və döyüşçülərin əməliyyat bölgələrinə göndərilməsi planlaşdırılır.
AzadAzərbaycan xəbər verir ki, İranda ölkənin ilk Can fəda briqadası təşkil edilib. Bu barədə SEPAH-ın Tehran üzrə komandiri general Həsən Həsənzadə məlumat verib.
Onun sözlərinə görə, yeni yaradılan briqada artıq təkmilləşdirilmiş hazırlıq mərhələsini başa vurub və zəruri texniki avadanlıqlarla tam təchiz olunub. Can fəda döyüşçülərinin ölkənin cənub və qərb istiqamətindəki əməliyyat bölgələrinə göndərilməsinə başlanılacaq.
Həsənzadə həmçinin yaxın vaxtlarda oxşar briqada və batalyonların təşkilatlanmasının davam etdiriləcəyini vurğulayıb. Eyni zamanda, paytaxtın müxtəlif meydanlarında bir neçə yeni təlim bazasının fəaliyyətə başladığı bildirilib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı mümkün təhdidlərindən sonra başladılan kampaniyaya 33 milyondan artıq insanın qatılmağa hazır olduğunu bildirdiyi qeyd olunub.




