
Milli Müdafiə Universitetinin rektoru ABŞ-də rəsmi səfərdədir
Azərbaycan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ABŞ-yə səfər edib.
Azərbaycan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ştatlarda səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetində və Yaxın Şərq - Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzində olub. Görüşlərdə hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
General-mayor Gündüz Əbdülov rəhbərlik etdiyi ali təhsil ocağında aparılan islahatlar, müasir zabit hazırlığı sistemi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib.
Tərəflər akademik təşəbbüslər, müəllim heyətinin təcrübə mübadiləsi, kurikulumların təhlili və süni intellekt əsaslı hərb oyunlarının hazırlanması imkanlarını nəzərdən keçiriblər.




