
Naxçıvanda soyuducu anbarda bədbəxt hadisə: Ölən və xəsarət alan var
Şərur rayonundakı soyuducu anbarların birində yük rəflərinin aşması nəticəsində bədbəxt hadisə baş verib. Hadisə zamanı bir qadın ölüb, digəri isə yaralanıb.
AzadAzərbaycan xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən soyuducu anbarların birində bədbəxt hadisə qeydə alınıb.
Hadisə rayonun İbadulla kəndi ərazisində baş verib. Məlumata görə, anbarda olan yük rəfləri qəflətən aşıb və nəticədə iki nəfər kartof yüklərinin altında qalıb.
Fövqəladə hadisə zamanı 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova aldığı xəsarətlərdən həyatını itirib. Digər zərərçəkən - 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı qadın dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılaraq həkim nəzarətinə götürülüb.
Faktla əlaqədar olaraq Şərur rayon prokurorluğunda müvafiq araşdırmalara başlanılıb.




