
Leyen Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu gəmiyə hücumu pisləyib
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Qara dənizdə mülki gəmiyə edilən zərbə ilə bağlı narahatlığını bildirib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Qara dəniz hövzəsində göyərtəsində Ukrayna və Azərbaycan vətəndaşlarının yer aldığı mülki gəmiyə vurulan zərbəyə münasibət bildirib.
AzadAzərbaycan xəbər verir ki, AK sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Rusiyanın regionda gərginliyi yenidən artırmasından ciddi şəkildə narahat olduğunu vurğulayıb. Leyen bildirib ki, mülki şəxsləri hədəf alan bu cür məsuliyyətsiz hücumlar beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Avropa rəsmisi hadisə nəticəsində həyatını itirən dənizçinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. O, həmçinin daha üç heyət üzvünün itkin düşdüyünü diqqətə çatdırıb.
Məlumat üçün bildirək ki, zərbəyə məruz qalan gəminin heyətində 13 nəfər olub. Onlardan 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşıdır.




