
Peşə təhsili müəssisələrində müəllimlərin maaşlarının gecikmə səbəbi açıqlandı
Sosial şəbəkələrdə peşə təhsili müəssisələrində müəllim maaşlarının və təqaüdlərin gecikməsi ilə bağlı yayılan iddialara rəsmi qurumdan münasibət bildirilib.
AzadAzərbaycan xəbər verir ki, son dövrlərdə ölkənin peşə təhsili sistemində bir sıra problemlərin mövcud olması barədə iddialar sosial şəbəkələrdə geniş müzakirə olunur. Xüsusilə pedaqoji kadrların və istehsalat təlimi ustalarının işə qəbulu prosesinin şəffaf keçirilmədiyi və namizədlərin bu durumdan narazı qaldığı qeyd edilir.
Bununla yanaşı, təhsil müəssisələrində əməkhaqları və tələbə təqaüdlərinin vaxtında ödənilmədiyi iddia olunur. Bildirilir ki, bəzi işçilər sentyabr ayı üzrə maaşlarını hələ də almayıblar.
Məsələ ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, işə qəbul və yerdəyişmə prosesləri mövcud qaydalara uyğun şəkildə həyata keçirilir. Daxil olan hər bir müraciət və şikayət qanunvericiliyin tələblərinə əsasən diqqətlə araşdırılır.
Agentlikdən qeyd olunub ki, hər yeni tədris ilinin əvvəlində yeni müəllim heyəti, həmçinin şəbəkə məlumatları əsasında əməkhaqlarının hesablanması məqsədilə yeni tarifləşmə və dərs cədvəlləri tərtib edilir. Bu il də həmin proses çərçivəsində yalnız az sayda peşə təhsili müəssisəsində yeni işə qəbul olunanların sentyabr ayının son yarımayı üçün hesablanmış maaşlarının ödənişində qrafikdən müəyyən kənarlaşmalar müşahidə olunub.
Rəsmi qurumdan verilən məlumata görə, həmin əməkdaşların əməkhaqları ilə bağlı məsələnin oktyabrın 23-dək tam həllini tapması nəzərdə tutulub.




