
Uşaqlar üçün nəşr olunan kitabda işlənən ifadələr etiraz doğurdu
Nağıllar və qaravəllilər adlı kitabda yer alan bəzi uyğunsuz ifadələr valideynlərin narazılığına və müzakirələrə səbəb olub.
Azərbaycan dilində nəşr olunan uşaq ədəbiyyatı nümunələrindən biri sosial şəbəkələrdə ciddi müzakirələrə və valideynlərin etirazına yol açıb. Söhbət Qanun nəşriyyatı tərəfindən işıq üzü görən Nağıllar və qaravəllilər kitabından gedir.
Övladı üçün həmin nəşri alan valideynlərdən biri kitabdakı bəzi mətnlərin azyaşlılar üçün nəzərdə tutulmadığını bildirərək narazılığını dilə gətirib. O, xüsusilə Kömür alması adlı nağılda yer alan ifadələrin qəbuledilməz olduğunu vurğulayıb.
Paylaşımda həmin nağıldakı mətnlərin tərbiyəvi əhəmiyyət daşımadığı və uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyi qeyd olunub. Eyni zamanda, nəşrdə Dah-Gah dağında üç xiyara aşiq olasan başlıqlı digər bir nağılın da yer aldığı diqqətə çatdırılıb.




