
Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb
Cari ilin yanvar-avqust aylarında Qərbi Avropadan Azərbaycana gələn turistlərin sayı 6,5 faiz çoxalaraq 71 845 nəfərə çatıb.
Azərbaycan Dövlət Turizm Agentliyinin təqdim etdiyi statistik göstəricilərə görə, bu ilin ilk 8 ayı ərzində Qərbi Avropa ölkələrindən respublikamıza 71 845 səyahətçi gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faizlik artım deməkdir.
Ölkəmizə gələnlərin coğrafiyasına nəzər saldıqda Almaniya 17 529 nəfərlə (+13,8 %) ilk pillədə yer alır. Böyük Britaniyadan 16 213, İtaliyadan 9 670, Fransadan 4 500, İspaniyadan 4 468, Niderlanddan 4 189 və Portuqaliyadan 2 055 turist gəlib. Həmçinin Belçika (2 044), Avstriya (2 026), İsveç (1 878), İsveçrə (1 630), Yunanıstan (1 291), İrlandiya (1 132), Norveç (972), Danimarka (953), Finlandiya (599), Lüksemburq (260), İslandiya (207), Malta (176) və Andorradan (53) gələnlər qeydə alınıb.
Avqust ayının nəticələrinə əsasən, Azərbaycana ən çox xarici qonaq göndərən ilk 15 ölkə arasında Almaniya 2 839 nəfərlə 14-cü, Böyük Britaniya isə 2 325 nəfərlə 15-ci sırada qərarlaşıb.
Bununla yanaşı, yanvar-avqust aylarında ölkəmizə gələn ümumi xarici vətəndaşların sayı 1,585 milyon nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 8 faiz azdır.




