
Rusiya ordusu Ukraynanın PUA bazalarını və infrastrukturunu atəşə tutub
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı enerji, nəqliyyat və dron obyektlərinə raket və aviasiya zərbələri endirildiyini bəyan edib.
AzadAzərbaycan xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji və nəqliyyat infrastrukturu obyektləri ilə yanaşı, pilotsuz uçuş aparatlarının (PUA) saxlanc yerlərinə zərbələr endirib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, hücumlar Ukrayna ordusunun faydalandığı nəqliyyat və enerji infrastrukturlarına, həmçinin dronların yığılması, saxlanması və buraxılması zonalarına yönəldilib.
Həmçinin bildirilir ki, 139 müxtəlif rayonda Ukrayna hərbi hissələrinin, xarici muzdluların müvəqqəti məskunlaşdığı məntəqələr və sursat anbarları hədəfə alınıb. Əməliyyatlar zamanı raketlər, taktiki aviasiya, artilleriya və zərbə dronlarından istifadə olunub.
Xatırladaq ki, bundan əvvəl noyabrın 1-də Rusiya tərəfi "Cənub" qoşun qruplaşmasının PUA operatorları vasitəsilə Ukrayna PUA-larının idarəetmə mərkəzini və Sumı vilayətində yerləşən dəmir yolu dispetçer obyektlərini vurduğunu bəyan etmişdi.




