
Rusiyanın qızıl ehtiyatları sürətlə azalır: Mərkəzi Bank satışa başlayıb
Rusiya hərbi büdcəsinin kəsirini örtmək üçün qızıl ehtiyatlarını satır və bu sahədə dünya üzrə rekordçu olub.
AzadAzərbaycan xəbər verir ki, Rusiya Bankı ölkənin rekord həddə çatan hərbi büdcəsinin kəsirini bağlamaq məqsədilə ehtiyatlarından qızıl satışına başlayıb. Ardıcıl ikinci rübdür davam edən bu proses Rusiyanı dünyanın bütün mərkəzi bankları arasında qızıl ehtiyatlarını ən çox azaldan ölkə mövqeyinə gətirib.
Dünya Qızıl Şurasının məlumatlarına görə, ümumilikdə dünya mərkəzi bankları üçüncü rübdə 321,2 ton qızıl əldə ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çoxdur. Lakin Rusiya Mərkəzi Bankı digər maliyyə qurumlarından fərqli olaraq ehtiyatlarından 18,66 ton külçə sataraq digər satıcıları böyük fərqlə qabaqlayıb.
Qeyd edilən dövrdə Qırğızıstan, Almaniya, Sinqapur və Meksikanın mərkəzi bankları da müvafiq olaraq kiçik həcmdə qızıl ehtiyatlarını azaldıblar. Buna baxmayaraq, Çin Xalq Bankı ehtiyatını 63,14 ton artıraraq qızılın ən böyük alıcısı olub. Eyni zamanda Polşa, Özbəkistan və Qazaxıstan mərkəzi bankları da əhəmiyyətli alışlar həyata keçiriblər.




