
Sabah Hövsan-Türkan yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Təmir işləri ilə əlaqədar olaraq noyabrın 3-də səhər saatlarından etibarən Hövsan-Türkan yolunda nəqliyyatın hərəkəti dayandırılacaq və avtobusların marşrut sxemi dəyişdiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Hövsan–Türkan avtomobil yolunda həyata keçirilən təmir tədbirləri ilə əlaqədar olaraq noyabrın 3-də saat 07:00-dan 23:00-dək magistralın kanal ətrafındakı hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Açıqlamaya əsasən, yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə sürücülərə alternativ olaraq Zığ şossesindən, yəni Beton yoldan istifadə etmələri tövsiyə olunur. Həmçinin hərəkət zamanı yol hərəkəti qaydalarına riayət etmək və aparılan işlərə anlayışla yanaşmaq xahiş olunur.
Yolun bağlanması ümumi nəqliyyat axını ilə yanaşı, ictimai nəqliyyatın da fəaliyyətinə təsir göstərəcək. Belə ki, məhdudiyyət müddətində 210, 215 və 218 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.
Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları istiqamətində, 218 nömrəli marşrut metronun "Əhmədli" stansiyasından Hövsan bağlarına qədər, 215 nömrəli marşrut isə Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları xətti üzrə hərəkət edəcək.




