
Sosial şəbəkələrdə təhqir və böhtana görə məhkəməyə müraciət qaydaları açıqlanıb
Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalan şəxslərin məhkəməyə müraciət qaydalarını izah edib.
AzadAzərbaycan xəbər verir ki, internet resurslarında və sosial şəbəkələrdə təhqir və ya böhtana məruz qalan vətəndaşların hüquqlarının qorunması, məhkəməyə müraciət mexanizmləri və sübutların təqdim olunması qaydalarına aydınlıq gətirilib.
Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov bildirib ki, bu cür hallar üzrə xüsusi ittiham qaydasında şikayətlər yazılı şəkildə müvafiq birinci instansiya məhkəməsinə təqdim olunmalıdır. Ümumi qaydaya əsasən, şikayətlərə hüquqazidd əməlin törədildiyi ərazi üzrə baxılır.
Media və internet resurslarında yayılan məlumatlarla bağlı məhkəmə aidiyyəti xüsusi qaydada müəyyən edilir. Əgər informasiya mənbəyinin hüquqi ünvanı məlumdursa, aidiyyət həmin ünvana əsasən təyin olunur. Xaricdə qeydiyyatdan keçən platformalarda yayılan məlumatlar üçün isə şikayət məlumatı yayan şəxsin Azərbaycandakı son yaşayış yeri üzrə verilir.
Hakim həmçinin məhkəməyə müraciət edərkən sübutların toplanmasının vacibliyini vurğulayıb. Mübahisəli paylaşımın mənbəyi, məzmunu, keçidi, hesab adı, yayım tarixi və konteksti qorunmalı, ekran görüntülərinin mənbəyi dəqiq göstərilməlidir.
Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, şikayətdə tərəflərin anket məlumatları, əməlin mahiyyəti, törədildiyi yer və şərait ətraflı əksini tapmalıdır. Həmçinin təhqir və ya böhtan sayılan konkret ifadələrin mətnə daxil edilməsi və şikayətçinin imzası mütləqdir.




