
Yəməndə tibb mərkəzinə raket hücumu olub, ölənlər və yaralananlar var
Yəmənin Lahic vilayətində yerləşən tibb mərkəzinə husilərin raket zərbəsi endirməsi nəticəsində onlarla dinc sakin ölüb və ya yaralanıb.
AzadAzərbaycan xəbər verir ki, Yəmənin cənub-qərbindəki Lahic vilayətində yerləşən tibb müəssisəsinə raket hücumu təşkil olunub. Hadisə nəticəsində azı 20 mülki şəxs həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yerli mənbələrin məlumatına görə, hücumu İranın dəstəyini alan husilər həyata keçiriblər. Onlar Lahic vilayətinin əl-Mudariba rayonundakı Əs-Suqya Sağlamlıq Mərkəzini hədəfə alaraq raket zərbəsi endiriblər.
Qeyd edək ki, Lahic vilayəti ölkənin müvəqqəti paytaxtı Ədən şəhərini şimal və qərb istiqamətindən əhatə edir. Bu ərazi şəhərin təhlükəsizliyinin qorunmasında mühüm strateji əhəmiyyət daşıyır.




