
Yunan mətbəxinin məşhur və ətrli portağallı şirniyyatı - Portokalopita
Bol portağal ətri və şərbəti ilə seçilən ənənəvi yunan deserti Portokalopita yumşaq toxuması ilə süfrələri bəzəyir.
Portokalopita yunan mətbəxinin ən çox sevilən və diqqət çəkən ənənəvi şirniyyat növlərindən biridir. Zəngin portağal ətri, incə toxuması və xüsusi şərbəti ilə seçilən bu desert xüsusilə sitrus meyvələrinin dadını sevənlərin favoritidir.
Yunan dilində portağal və pita sözlərinin birləşməsindən əmələ gələn bu təam paxlava yuxası, təbii qatıq, yumurta və şəkər tozu əsasında hazırlanır. Bişmə prosesindən sonra isə xüsusi portağal şərbəti ilə isladılır və soyuq formada süfrəyə verilir.
Desertin hazırlanması üçün əvvəlcə paxlava yuxaları xırda parçalara ayrılaraq qurutulur. Yumurta və şəkər tozu çalındıqdan sonra üzərinə qatıq, duru yağ, portağal suyu, qabıq rendəsi, vanilin və qabartma tozu əlavə olunaraq qarışdırılır.
Hazırlanan kütləyə qurumuş yuxa parçaları əlavə edilir və yağlanmış qaba tökülərək 180 dərəcə istilikdə təxminən 40-45 dəqiqə bişirilir. Sonda isə isti şirniyyatın üzərinə soyumuş şərbət əlavə edilərək tam çəkməsi üçün gözlədilir.




