
Zabitlərin leytenant rütbəsində xidmət müddətlərinə dair qanun dəyişdi
Milli Məclis xüsusi təyinatlı ali hərbi təhsil müəssisələrini bitirən hərbi qulluqçuların leytenant rütbəsində xidmət müddəti ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Azərbaycan Respublikasının Milli Məclisinin keçirilən növbəti plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna təklif edilən yeniliklər müzakirə olunub. Müzakirələrin mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları olan hərbi qulluqçuların leytenant rütbəsində qalma müddətinin tənzimlənməsi məsələsi yer alıb.
AzadAzərbaycan xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, təhsil müddəti 5 il təşkil edən xüsusi təyinatlı müəssisələri bitirən şəxslər üçün leytenant hərbi rütbəsində xidmət müddəti 2 il müəyyənləşdirilir. Lakin aviasiyanın uçuş heyətində, sualtı gəmilərdə xidmət aparan hərbçilər və müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən digər xüsusi hallar üçün bu müddət 1 il olacaq.
Xatırladaq ki, indiyədək qüvvədə olan qanunvericiliyə görə, təhsil müddəti 5 il və ya daha artıq olan xüsusi təyinatlı təhsil ocaqlarını bitirmiş bütün hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddəti istisnasız olaraq 1 il təşkil edirdi.
Parlamentdə aparılan geniş müzakirələrdən sonra hüquqi sənəd səsverməyə çıxarılaraq yekun — üçüncü oxunuşda dəstəklənib və qəbul olunub.




