
ABŞ-dan Rusiya qazının Avropaya ixracının bərpası ilə bağlı təklif
Birləşmiş Ştatlar enerji sahəsində danışıqlar çərçivəsində Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini bərpa etməyi təklif edib.
Vaşinqton enerji təhlükəsizliyi və atəşkəs danışıqları çərçivəsində yeni bir təşəbbüslə çıxış edib. Plan Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya ixracının yenidən bərpa olunmasını nəzərdə tutur.
The Wall Street Journal nəşrinin yaydığı məlumata görə, bu təşəbbüs sentyabr ayında ABŞ rəsmiləri tərəfindən müzakirə olunub. Təklif ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilməlidir.
Sözügedən planın amerikalı investorlara qazanc gətirməklə yanaşı, Ukraynaya da tranzit gəlirləri qazandıracağı gözlənilir. Eyni zamanda, Rusiyanın bu vəsaitlərdən hərbi məqsədlərlə istifadəsinin qarşısını almaq üçün pulların xüsusi depozit hesabında saxlanılması təklif olunur.
Bununla belə, Avropa dövlətləri bu plana skeptik yanaşır və etiraz edirlər. Onlar 2027-ci ilə qədər Rusiya qazının idxalını tamamilə dayandırmaq barədə götürdükləri öhdəlikləri əsas gətirirlər.




