
Azərbaycandan Gürcüstana qanunsuz dizel və tütün aparılmasının qarşısı alınıb
Qırmızı körpü sərhəd-buraxılış məntəqəsində Gürcüstana qanunsuz yolla dizel yanacağı, qəlyan tütünü və avtomobil hissələri keçirmək istəyən yük maşınları saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin verdiyi məlumata əsasən, Sərhəd Nəzarətinin "Qırmızı körpü" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Gürcüstana doğru hərəkət edən iki "MAN" markalı yük avtomobili şübhəli bilinərək təkrar yoxlamadan keçirilib.
Baxış zamanı nəqliyyat vasitələrinin müşayiət sənədlərində gips daşındığı qeyd edilsə də, gizlədilmiş külli miqdarda qaçaqmal aşkar olunub. Belə ki, yük yerlərindən 40 ton dizel yanacağı, 24 kiloqram (240 ədəd) qəlyan tütünü və 1119 ədəd avtomobil ehtiyat hissəsi tapılıb.
Aşkar edilən qanunsuz mallarla bağlı müvafiq qurumlar tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.




