
Azərbaycanlı şair Qulu Ağsəs ABŞ mətbuatına müsahibə verib
Tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs ABŞ-da fəaliyyət göstərən “Maskomania News” nəşrinə eksklüziv müsahibə təqdim edib.
ABŞ-da fəaliyyət göstərən müstəqil “Maskomania News” xəbər və analitika nəşri tanınmış Azərbaycan şairi, yazıçı və “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə eksklüziv müsahibə yayımlayıb.
Müsahibə zamanı şair ədəbiyyat, yaradıcılıq prosesi, poeziyanın incəlikləri və şəxsi xatirələri barədə oxucularla bölüşüb. O, uşaqlıq illərinə aid təsirli bir xatirəsini ilk dəfə bu nəşrə danışaraq kənddəki qayaya yazdığı adların işğal dövründə yadında qalmasından və sonradan yazdığı “İşğal” şeirindən bəhs edib.
Redaktorluq fəaliyyətinə də toxunan Qulu Ağsəs yaxşı redaktorun mətnə yanaşma tərzini insan həyatındakı səliqə-sahmanla müqayisə edib. O, zəif mətni çap etməkdən daha çox, həqiqi istedadı vaxtında görə bilməməyin daha qorxulu olduğunu vurğulayıb.
Söhbət zamanı şair poeziyada realist üsluba münasibətindən danışaraq şairin rəssam kimi həyatı və əşyaları öz istədiyi rənglərdə təsvir etməli olduğunu qeyd edib. O, həmçinin yaşlandıqca şöhrət hissindən və eqodan tədricən imtina etdiyini bildirib.
Sonda “Ulduz” jurnalının qarşıdan gələn 60 illik yubileyindən danışan baş redaktor həmin tarixə özəl maraqlı layihələr və sürprizlər hazırladıqlarını diqqətə çatdırıb.




