
Bəşər tarixinin ən qədim həyat məsləhəti 4600 il əvvəl gil lövhələrə yazılıb
Arxeoloqlar tərəfindən aşkarlanan və "Şuruppak təlimləri" adlandırılan qədim mətn bəşəriyyətin dövrümüzə gəlib çatan ən qədim hikmət nümunəsidir.
AzadAzərbaycan xəbər verir ki, arxeoloqlar tərəfindən "Şuruppak təlimləri" adlandırılan bu qeyri-adi mətn qədim dünya hikmətinin dövrümüzə gəlib çatan nadir nümunələrindəndir. Qədim yazılarda Şumer kralı Şuruppakın oğlu Ziusudraya düzgün həyat tərzi keçirmək üçün verdiyi dəyərli təlimatlar əks olunub.
Şumer əfsanələrinə görə, Ziusudre Böyük Tufandan sağ çıxan şəxs kimi tanınır. Ən qədim insan müdrikliyi ənənələrindən biri olan bu sənəd atasının sivilizasiyanın təhlükələrindən qorunmaq və cəmiyyətdə düzgün yaşamaq üçün övladına verdiyi nəsihətlər kimi təqdim olunur.
Mətndə ata oğluna oğurluq etməməyi, yalan danışmamaq lazım olduğunu, başqalarının münaqişələrindən kənar durmağı və etibar ediləcək insanların seçilməsində diqqətli olmağı öyrədir. Eyni zamanda əmlakın qorunması və işçilərə qarşı ədalətli münasibət tövsiyə edilir.
Gil lövhələrin tapıldığı qədim yaşayış məntəqəsi bu gün müasir İraq ərazisində yerləşən Tell-Fara kimi tanınır. Alimlərin fikrincə, buradakı qazıntılar zamanı eramızdan əvvəl 2900-cü ilə aid geniş miqyaslı daşqın izləri də aşkarlanıb.




