
Binance istifadəçiləri qısa müddətdə milyardlarla dollar vəsait çıxarıblar
Dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-də haker hücumundan sonra qısa müddətdə milyardlarla dollar vəsait çıxarılıb.
Dünyanın aparıcı kriptovalyuta birjası olan Binance-in müştəriləri haker hücumundan sonra vəsaitlərin çıxarılması imkanı bərpa edildikdən cəmi doqquz saat yarım ərzində təxminən 3.64 milyard dollar vəsait çıxarıblar.
AzadAzərbaycan xəbər verir ki, bu barədə birjanın sosial şəbəkə hesabında yayılan rəsmi açıqlamada bildirilib. Məlumata görə, UTC vaxtı ilə saat 06:00-dan 15:30-dək xalis vəsait çıxışı qeyd olunan rəqəmə çatıb.
Birjanın təqdim etdiyi məlumata əsasən, bu məbləğ oktyabrın 28-nə olan göstəricilərə görə ümumi dəyəri 171 milyard dollar təşkil edən aktivlərin 2.1 faizinə bərabərdir.
Xatırladaq ki, bundan əvvəl birjanın qurucusu Çanpen Çjao platformanın haker hücumuna məruz qaldığını, lakin istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu bəyan etmişdi. İlkin qiymətləndirmələrə görə, insident təxminən 6.3 milyard dollar dəyərində aktivə təsir göstərib.
Şirkətdən o da bildirilib ki, hücum nəticəsində yaranan bütün itkilər birjanın öz vəsaiti və istifadəçilərin müdafiəsi üçün nəzərdə tutulan SAFU ehtiyat fondu hesabına ödəniləcək.




