
Dövlət büdcəsi ilə icmal büdcənin əsas fərqləri nələrdir
İqtisadçı Xalid Kərimli dövlət büdcəsi və icmal büdcə anlayışları arasındakı fərqləri izah edib.
Dövlət büdcəsi icmal büdcənin tərkib hissələrindən biri hesab olunur. Lakin icmal büdcə daha geniş anlayışdır və ölkənin dövlət tərəfindən idarə olunan bütün büdcə sistemini əhatə edir.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dövlət büdcəsi hökumətin il ərzində əldə etdiyi gəlirləri və həmin vəsaitlərin xərclənmə istiqamətlərini əks etdirən plandır. İcmal büdcəyə isə dövlət büdcəsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının büdcəsi və digər büdcədənkənar fondlar da daxildir.
Məsələn, Neft Fondunun gəlirləri icmal büdcədə tam əks olunur, dövlət büdcəsində isə yalnız fonddan köçürülən vəsait göstərilir. Eyni qayda Dövlət Sosial Müdafiə Fonduna da şamil edilir.
Nəticə etibarilə, dövlət büdcəsində gəlirlər müəyyən hissələrdən ibarət olsa da, icmal büdcə dövlətin il ərzindəki ümumi maliyyə vəziyyəti barədə tam təsəvvür yaradır.




