
Ərdoğanın Zəfər Günündə Bakıya gəlişinin əhəmiyyəti açıqlandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıya gözlənilən səfəri iki ölkə arasındakı sarsılmaz qardaşlıq və strateji müttəfiqliyin növbəti təzühürüdür.
AzadAzərbaycan xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana planlaşdırılan səfəri iki qardaş dövlət arasındakı sıx münasibətlərin bariz nümunəsidir. Türkiyə və Azərbaycan həm şad, həm də çətin günlərdə daim bir-birinə arxalanır. Türkiyə liderinin Azərbaycanın şanlı qələbəsinin ildönümündə Bakıda olması bu strateji tərəfdaşlığın təbii nəticəsidir.
Mövzu ilə bağlı açıqlama verən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general-mayor Yücel Karauz bildirib ki, sözügedən səfər sadəcə rəsmi tədbirdə iştirak etməklə məhdudlaşmır. Bu addım Türkiyənin Azərbaycan xalqının tarixi zəfərinə verdiyi mənəvi-siyasi dəstəyin və sarsılmaz müttəfiqliyin aydın göstəricisidir.
Şuşa Bəyannaməsi ilə rəsmiləşən münasibətlərin ortaq tarixə və gələcəyə dair məsuliyyətə əsaslandığını vurğulayan general-mayor qeyd edib ki, Türkiyə dövlət başçısının Zəfər Gününü Azərbaycan xalqı ilə birgə qeyd etməsi həm də düşmən tərəflərə çəkindirici mesaj xarakteri daşıyır.
Yücel Karauzun sözlərinə görə, iki ölkə arasında nümayiş etdirilən bu yüksəksəviyyəli həmrəylik Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən dairələrə tutarlı cavabdır. Bu birlik emosional ifadələrlə deyil, möhkəm siyasi iradə, hüquqi bazaya və ortaq strateji maraqlara söykənir.




