
Ermənistan Avropa İttifaqının iki vacib proqramına qoşulur
Ermənistan hökuməti Avropa İttifaqı ilə gömrük və vergi sahəsində əməkdaşlığı nəzərdə tutan sazişin imzalanması təklifini bəyənib.
Ermənistan gömrük və vergi sahələrində Avropa İttifaqı ilə əlaqələri genişləndirmək məqsədilə "Customs" və "Fiscalis" əməkdaşlıq proqramlarına qoşulmağı planlaşdırır. Bu barədə təklif rəsmi olaraq ölkə hökumətinin iclasında qəbul olunub.
Layihənin icrası 2027-ci ildə bir il müddətinə nəzərdə tutulur. Proqramlar çərçivəsində tərəflər arasında texniki sahədə əməkdaşlığın gücləndirilməsi, institusional inkişafın dəstəklənməsi və Ermənistanın iqtisadi rəqabət qabiliyyətinin yüksəldilməsi hədəflənir.
AzadAzərbaycan xəbər verir ki, bu təşəbbüs Avropa elektron sistemlərinin tətbiqinə, vergi məlumatlarının operativ mübadiləsinə və yerli mütəxəssislərin ixtisasının artırılmasına imkan verəcək. Ölkənin həmin proqramlarda iştirakı üçün nəzərdə tutulan illik üzvlük haqqı təxminən 80 min avro təşkil edəcək.




