
Floridada baş verən təyyarə qəzasında milyonçu və ailəsi həlak olub
ABŞ-ın Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində tanınmış texnologiya sahibkarı, onun həyat yoldaşı və övladları daxil olmaqla doqquz nəfər həyatını itirib.
Amerikanın Florida ştatında baş verən faciəvi aviabələqə nəticəsində doqquz nəfər dünyasını dəyişib. Qəza zamanı həlak olanlar arasında tanınmış texnologiya sahibkarı Adam Robinson, onun həyat yoldaşı və iki azyaşlı övladı da olub.
Hadisə noyabrın 1-də Palm-Biç dairəsində qeydə alınıb. "Learjet 60" markalı təyyarənin göyərtəsində "Retention.com" və RB2B şirkətlərinin qurucusu Adam Robinson, həyat yoldaşı Helen Şarp, dörd yaşlı qızı Emma və iki yaşlı oğlu Çarli olub.
Uçuş zamanı onlarla birlikdə uşaqların dayəsi Anita Mariya Setina, ailənin yaxın dostları Reyçel Rid və Çarmi Fer, eləcə də iki pilot da təyyarədə olub. Qəza nəticəsində göyərtədəkilərin hamısı həlak olub.
Araşdırmalar göstərir ki, hava gəmisi Texas ştatının Ostin şəhərindən Baham adalarına istiqamət alıbmış. Lakin təyyarə Qrinakres şəhərinin yaşayış massivi yaxınlığında qəzaya uğrayıb.
İlkin istintaq materiallarına əsasən, uçuş aparatının yerə çırpılmamışdan əvvəl havada parçalanmağa başladığı müəyyənləşib. Həmçinin qəzadan öncə ekipaj üzvlərinin dispetçerlərə güclü turbulentlik və təyyarənin buz bağlaması barədə məlumat verdiyi bildirilib. Hadisənin dəqiq səbəbləri ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılır.




