
Göygöl rayonunda bələdiyyə mühasibi iş otağında ölü tapılıb
Göygöl rayonunun Çaykənd kənd bələdiyyəsinin mühasibi iş otağında ölü halda aşkar edilib. İlkin ehtimala görə, onun ölümü ürək tutmasından baş verib.
Göygöl rayonunda bələdiyyə əməkdaşının ölümü ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb. Rayonun Çaykənd kənd bələdiyyəsinin mühasibi, 1961-ci il təvəllüdlü S. Orucovun cansız bədəni xidməti otağında tapılıb.
Hadisənin baş verməsindən dərhal sonra əraziyə hüquq-mühafizə orqanlarının, o cümlədən polis və prokurorluq əməkdaşları cəlb olunublar. Aparılan ilkin araşdırmalara əsasən, mərhumun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal edilir.
Faktla bağlı müvafiq ekspertizalar təyin olunub və meyit müayinə olunmaq üçün aidiyyəti qurumlara təhvil verilib. Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.




