
Hava kəskin pisləşir: Temperatur enəcək, bəzi çaylarda sel riski var
Azərbaycanda noyabrın 5-dən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun 5-10 dərəcə enəcəyi və bəzi çaylardan sel keçəcəyi gözlənilir.
AzadAzərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Noyabrın 5-i axşam saatlarından 9-u axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı və şimşək çaxacağı ehtimal edilir.
Bölgələrdə də hava şəraitinin kəskinləşəcəyi gözlənilir. Şimal və qərb rayonlarından başlayaraq yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq ərazilərə isə qar yağacağı proqnozlaşdırılır. Yağıntıların xüsusilə noyabrın 5-i axşam və 6-sı gecə saatlarında daha da güclənəcəyi bildirilir.
Havanın kəskin dəyişməsi nəticəsində çaylarda sululuq artacaq. Böyük Qafqaz və Lənkəran-Astara bölgəsinin bir sıra çaylarında qısamüddətli daşqın və sel təhlükəsi mövcuddur.
Qeyri-sabit hava şəraitinin noyabrın 9-dək davam edəcəyi, temperaturun isə əvvəlki günlərlə müqayisədə 5-10 dərəcəyə qədər aşağı enəcəyi gözlənilir.




