
Heydər Əliyev Mərkəzində Devid Qarrettin simfonik şousu nümayiş olunub
Heydər Əliyev Mərkəzində məşhur skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" adlı konsert proqramı ilə çıxış edib.
Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə sənətsevərlərin qarşısına çıxıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri də bu möhtəşəm simfonik şousunu izləyənlər arasında olublar.
Devid Qarrett klassik musiqi ilə rok, pop və kino melodiyalarını birləşdirdiyi unikal proqramında Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, həmçinin "Nirvana" və "Rammstein" qruplarının əsərlərini özünəməxsus tərzdə təqdim edib.
Səhnədə debütünü 10 yaşında etmiş sənətçi 13 yaşında nüfuzlu "Deutsche Grammophon" ilə müqavilə bağlayan ən gənc musiqiçi olub və karyerası ərzində tanınmış dirijorlarla əməkdaşlıq edib.
Onun yaradıcılığında xüsusi yer tutan klassik "ICONIC" albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü pilləyə yüksələrək "Opus-Klassik 2023" mükafatlarına layiq görülüb və sənətçi bu repertuarla 5 qitədə 113 konsert verib.




