
İqor Strelkov Rusiya ordusunun cəbhədəki vəziyyətini sərt tənqid edib
Hərbi cinayətkar İqor Strelkov Rusiya ordusunun Ukraynadakı irəliləyişinin dayandığını və ərazilərin itirildiyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, Ukraynada Rusiya ordusunun hücum əməliyyatları dayandırılıb və hərbi birləşmələr bir sıra istiqamətlərdə geri çəkilmək məcburiyyətində qalıb. Bu barədə hərbi cinayətkar İqor Strelkov (Girkin) özünün Telegram kanalındakı paylaşımında qeyd edib.
O, Rusiya rəsmilərinin və Baş Qərargahın ölkənin Ukraynadakı davamlı hücumları ilə bağlı bəyanatlarını ələ salıb. Strelkovun sözlərinə görə, reallıqda vəziyyət tam əksinədir və Rusiya qoşunları əvvəllər nəzarətə götürülən bəzi əraziləri itirir.
Strelkov qeyd edib ki, hücum cəhdləri demək olar ki, hər yerdə başa çatıb. O, mövcud şəraitdə yeni mövqelərdə möhkəmlənməyin mümkünsüzlüyünü, xüsusilə də Ukrayna PUA-larının havada üstünlük təşkil etməsini və rus ordusunda buna qarşı adekvat vasitələrin çatışmadığını vurğulayıb.
Sonda o, Rusiya Federasiyasının döyüş meydanındakı çətinliklərinin getdikcə dərinləşəcəyini və Ukraynanın təşəbbüsü tamamilə ələ keçirdiyini bildirib.




