
İşsizlikdən Sığorta Fondunun 2027-ci il xərcləri bəlli olub
2027-ci ildə İşsizlikdən Sığorta Fondunun büdcə xərclərinin 319,2 milyon manat olacağı gözlənilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı İşsizlikdən Sığorta Fondunun maliyyə göstəriciləri açıqlanıb. AzadAzərbaycan xəbər verir ki, maliyyə naziri Sahil Babayev fondun 2027-ci il üzrə xərclərinin 319 milyon 200 min manat təşkil edəcəyini diqqətə çatdırıb.
Açıqlanan məlumatlara əsasən, həmin dövrdə fondun gəlirlərinin 268 milyon 900 min manat həcmində olması nəzərdə tutulur.
Nazir həmçinin əlavə edib ki, 2027-ci il yanvarın 1-dək fondun hesabında qalan və istifadə edilməmiş 50 milyon 300 min manatlıq vəsait də növbəti ilin xərclərinin ödənilməsinə cəlb olunacaq.




