
Mehdiabadda sakinlər evlərinin yaxınlığındakı tikintidən şikayətçidir
Abşeron rayonunun Mehdiabad qəsəbə sakinləri yaşayış sahəsində aparılan tikinti işlərindən və səs-küydən narazılıqlarını bildiriblər.
AzadAzərbaycan xəbər verir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Nüsrət Kəsəmənli küçəsində məskunlaşan vətəndaşlar yaşayış evlərinin bilavasitə yaxınlığında həyata keçirilən tikinti prosesinə etiraz edirlər.
Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, fərdi evlərin əhatəsində yeni bir obyekt ucaldılır. Onlar bu məkanda sement anbarının və ya plastik qapı-pəncərə istehsalı sexinin fəaliyyət göstərəcəyindən narahatlıq keçirirlər. Vətəndaşlar hesab edirlər ki, bu növ istehsalat sahələrinin yaşayış zonasına yaxın ərazidə yerləşdirilməsi yolverilməzdir.
Şikayətçilərin sözlərinə görə, həm inşaat prosesi, həm də obyektin işləməsi güclü səs-küy yaradaraq əhalinin dinc istirahətinə ciddi mane olur. Xüsusilə azyaşlı uşaqların gecə-gündüz davam edən səs-küydən əziyyət çəkdiyini qeyd edən sakinlər, rəsmi qurumlara müraciətlərinin hələ də nəticə vermədiyini bildirirlər.
Bundan əlavə, etiraz edən qadınların təhqir olunduğu, sakinlərin əkdikləri ağacların kəsiləcəyi ilə hədələndiyi iddia edilir. Ərazi sakinləri aidiyyəti dövlət qurumlarından məsələnin dərhal araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edirlər.




