
Məryəm Üzərli ilk dəfə Bakıya gəldi - Qala gecəsində xoş təəssüratlarını bölüşdü
"Möhtəşəm yüz il" serialının ulduzu Məryəm Üzərli "İmroz'da Bahar" filminin təqdimatı üçün paytaxtımıza gəlib.
Dünyaca məşhur türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana səfər edib. "Möhtəşəm yüz il" serialındakı "Hürrəm Sultan" obrazı ilə şöhrət qazanan sənətçi "İmroz'da Bahar" ekran əsərinin qala gecəsində iştirak etmək üçün Bakıya gəlib.
Qırmızı xalı üzərinə çıxan məşhur aktrisa ölkəmizə ilk dəfə gəldiyini vurğulayıb. O, Bakıda olmaqdan böyük məmnunluq duyduğunu və yerli azarkeşlərin sevgisindən qürurlandığını bildirib.
AzadAzərbaycan xəbər verir ki, aktrisa sevgi dolu qarşılanmadan qeyri-adi hisslər keçirdiyini dilə gətirib: "İlk dəfədir Bakıdayam. İnanılmaz dərəcədə xoşbəxt oldum. Hamınız sevgi ilə buradasınız. Kaş ki, sizi tək-tək qucaqlayardım".
Qeyd edək ki, sözügedən filmdə Məryəm Üzərli ilə yanaşı tanınmış aktyor Halit Ergenç də rol alıb.




