
Mətbəxdə risk yaradan cihazlar: Sönülü olsa da tokdan çıxarın
Mətbəxdə istifadədən sonra şəbəkədən ayrılmayan bəzi elektrik cihazları yanğın təhlükəsi yarada və əlavə enerji sərfiyyatına səbəb ola bilər.
Mətbəxdə hər gün istifadə olunan bəzi elektrik avadanlıqları söndürülsə belə, cərəyana qoşulu qaldıqda ciddi təhlükələr törədə bilər. Mütəxəssislər bildirirlər ki, gözləmə rejimində qalan bu cür cihazlar elektrik sərfiyyatını 5-10 faiz artırmaqla yanaşı, yanğın riskini də gücləndirir.
AzadAzərbaycan xəbər verir ki, xüsusilə aerofriturka, tost aparatı və qəhvə maşını kimi texnoloji vasitələr işi bitdikdən dərhal sonra şəbəkədən ayrılmalıdır. Aerofriturka sönülü vəziyyətdə olsa da, az miqdarda elektrik cərəyanı çəkməyə davam edir və onu digər yüksək güclü alətlərlə eyni yuvaya qoşmaq məsləhət görülmür.
Tost aparatlarının daxilindəki qızdırıcı elementlər və yığılan qırıntılar qısaqapanma zamanı təhlükə yarada bilər. Taymerlə işləyən və günlərlə cərəyanda qalan qəhvə maşınları da nəzarətsiz qaldıqda arzuolunmaz nəticələrə səbəb ola bilər.
Mümkün risklərin və maliyyə itkilərinin qarşısını almağın ən etibarlı yolu məişət texnikasını işlətdikdən dərhal sonra fişini prizdən çıxarmaqdır.




