
Noyabrın 6-da Bakıda və rayonlarda hava yağmurlu olacaq
Noyabrın 6-da paytaxtda və bəzi bölgələrdə arabir yağış yağacağı, dağlıq ərazilərdə iso qara keçəcəyi proqnozlaşdırılır.
AzadAzərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin təqdim etdiyi məlumata əsasən, noyabrın 6-da Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində arabir yağış yağacağı gözlənilir.
Gecə saatlarında yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv yağışların yağacağı və şimşək çaxacağı ehtimal olunur. Yağıntıların səhərə doğru tədricən kəsiləcəyi bildirilir. Arabir güclənən şimal-qərb küləyi səhər saatlarından etibarən mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 9-12°, gündüz isə 13-15° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm-dən 765 mm civə sütununa qalxacaq, nisbi rütubət isə 65-75 faiz arasında olacaq.
Azərbaycanın digər rayonlarında da havanın arabir yağmurlu keçəcəyi gözlənilir. Bəzi bölgələrdə leysan xarakterli intensiv yağışların yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və dağlıq ərazilərdə qara keçəcəyi istisna olunmur. Gecə saatlarında yağıntıların nisbətən intensivləşəcəyi gözlənilir.
Bölgələrdə arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Temperatur gecə 8-13° isti, gündüz 14-18° isti, dağlıq rayonlarda isə gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.




