
Paraqvayda bank iflası: 3 milyondan çox insan pulsuz qaldı
Paraqvayın ən böyük maliyyə qurumlarından olan 'Ueno Bank'ın fəaliyyətində yaranan ciddi problemlər ölkədə genişmiqyaslı maliyyə böhranına səbəb olub.
AzadAzərbaycan xəbər verir ki, Paraqvayın altıncı ən böyük maliyyə institutu hesab edilən "Ueno Bank"ın fəaliyyətində yaranan kəskin maliyyə problemləri ölkə iqtisadiyyatında böhrana yol açıb. Yaranmış vəziyyət səbəbindən ölkənin yetkin əhalisinin təxminən 60 faizini təşkil edən 3 milyondan çox vətəndaş bank hesablarına və pensiya ödənişlərinə çıxış imkanından məhrum olub.
Mərkəzi Bank ödəniş qabiliyyətini itirən finans qurumunun idarəetməsini öz üzərinə götürüb. Rəsmi müdaxilədən dərhal sonra bankın mobil tətbiqinin, kredit kartlarının və bütün növ pul köçürmələrinin fəaliyyəti dayandırılıb. Yaranmış problemdən zərər çəkənlər arasında banka 380 milyon dollar civarında vəsait yerləşdirmiş IPS dövlət pensiya fondu da yer alır.
Maliyyə tənzimləyicisi bankın ləğv edilməsi və kredit portfelinin satışa çıxarılması istiqamətində addımlar atır. Qurumun təhlillərinə əsasən, əmanətçilərin 98 faizinə kompensasiya ödənilməsi nəzərdə tutulur, lakin istiqraz sahibləri sığorta ödənişlərindən faydalana bilməyəcəklər. Hadisə ilə bağlı Paraqvay prokurorluğu bankın rəhbəri və "Grupo Vázquez" şirkətinin başçısı da daxil olmaqla 8 nəfər haqqında həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, yaşanan qalmaqal ölkə Prezidenti Santyaqo Penya üçün də böyük siyasi təzyiq yaradıb. Dövlət başçısının 2025-ci ilin mart ayına qədər sözügedən holdinqdə pay sahibi olduğu bildirilir. Onun hakimiyyətə gəlişindən sonra müxtəlif dövlət qurumlarının bu bankdakı depozitlərinin həcmi 800 milyon dollara qədər yüksəlmişdi.




