
Qış mövsümündə sürücülər avtomobillərini necə hazırlamaladırlar
Qış fəslinin yaxınlaşması ilə əlaqədar olaraq sürücülərə avtomobillərini təhlükəsizlik qaydalarına uyğun təchiz etmələri tövsiyə olunur.
AzadAzərbaycan xəbər verir ki, qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına xüsusi diqqət ayrılmalıdır. Qarlı, buzlu və sürüşkən yollarda avtomobil idarə etmək çətin və təhlükəlidir, buna görə də mənzil başına təhlükəsiz çatmaq üçün maşının düzgün hazırlanması vacibdir.
Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə sürücülər payız-qış mövsümünə vaxtında hazırlaşmalıdırlar. İlk növbədə avtomobilin şinlərinə diqqət yetirilməlidir. Protektorlardakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır.
Bununla yanaşı, nəqliyyat vasitəsinin şüşə silgəcləri, şüşəyuyanları və xarici işıq cihazları daim işlək vəziyyətdə saxlanılmalıdır. Mühərrikin soyuducu sistemi və şüşəyuyanı donmayan mayelərlə təmin edilməli, həmçinin avtomobildə zəncir və dartı kəndiri olmalıdır. Salonda istiliyin tənzimlənməsi üçün isə müvafiq sistemlərə və filtrlərə vaxtında baxış keçirilməlidir.




